Bu gün:

Alimlər təbii hidrogenin gələcəyin enerji mənbəyi ola biləcəyini bildirirlər


Alimlər hesab edirlər ki, Yer qabığında mövcud olan təbii hidrogen gələcəkdə enerji mənbəyi kimi mühüm rol oynaya bilər.Bakı,15 mart, AZƏRTAC

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal hidrogen tələbatı 2050-ci ilə qədər üç dəfə arta bilər. Hazırda isə hidrogenin böyük hissəsi qazıntı yanacaqlarından əldə olunur və onun 1%-dən də azı bərpaolunan enerji vasitəsilə istehsal edilir.

Mütəxəssislərin fikrincə, “ağ hidrogen” adlanan təbii hidrogen Yer qabığında milyardlarla il əvvəl baş vermiş geoloji reaksiyalar nəticəsində yaranıb. Alman alim Yurgen Qrotş bildirib ki, dəmirlə zəngin süxurlar su ilə qarşılaşdıqda kimyəvi reaksiya nəticəsində hidrogen əmələ gələ bilər.

ABŞ Geoloji Xidmətinin araşdırmasına görə, Yer qabığında təxminən 5,6 trilyon ton hidrogen ehtiyatı ola bilər. Alimlər hesab edir ki, bu ehtiyatın cəmi 2%-nin çıxarılması belə, dünyada hidrogen tələbatını təxminən 200 il ödəməyə kifayət edə bilər.

Qeyd olunur ki, hidrogen Yer qabığındakı çatlar vasitəsilə səthə doğru hərəkət edə və bəzi hallarda yeraltı süxurlarda toplanaraq yataqlar yarada bilər. Hazırda dünyada bir sıra şirkətlər belə yataqları axtarır. İndiyədək təbii hidrogenin çıxarıldığı yeganə məlum yer Malinin Bourakebougou qəsəbəsidir və burada hasil olunan hidrogen elektrik enerjisi istehsalında istifadə olunur.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et