Dövlət İmtahan Mərkəzi martın 15-də Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Qax və Balakən rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
İmtahan mərkəzi kimi ayrılmış müasir məktəb binası
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanların təşkili üçün Zaqatalada 5, Qaxda 2, Balakəndə isə 3 olmaqla ümumilikdə 10 imtahan mərkəzi ayrılıb. İmtahanlar Zaqatala şəhər 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə, həmçinin Balakən şəhər 1 və 3 nömrəli tam orta məktəblərdə və Hənifə kənd tam orta məktəbində təşkil olunub.
Bildirilib ki, imtahanlarda Zaqatalada 1241, Qaxda 562, Balakəndə isə 770 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına onlarla imtahan rəhbəri və yüzlərlə nəzarətçi cəlb edilib.
Buraxılış imtahanları saat 11:00-da başlayıb və 3 saat davam edib. Regional bölmədən verilən məlumata görə, imtahanlar mövcud qaydalara uyğun keçirilib. Bir nəfərdə mobil telefon aşkar edildiyi üçün o, imtahandan kənarlaşdırılıb.
Aylin Bayraməliyeva
