Volodimir Zelenski bildirib ki, Ukraynanın bir sıra bölgələrində Rusiyanın kütləvi hücumlarının nəticələrinin aradan qaldırılması davam edir.

24media.az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Rusiyanın əsas hədəfinin Kiyev vilayətinin enerji infrastrukturu olduğunu bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində mülki obyektlərə, o cümlədən yaşayış binalarına da ziyan dəyib.
Zelenski hazırda dörd nəfərin həlak olduğunu açıqlayıb. O qeyd edib ki, çox sayda yaralı var və insanlar hələ də tibb müəssisələrinə müraciət edir.
Ukrayna liderinin sözlərinə görə, Rusiya son sutka ərzində Ukraynaya 430-a yaxın müxtəlif tipli dron və 68 raketlə hücum edib. Onlardan 13-ü ballistik raket olub və ümumilikdə 58 raket Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Zelenski əlavə edib ki, Rusiya Yaxın Şərqdəki müharibədən Ukraynaya qarşı hücumları gücləndirmək üçün istifadə etməyə çalışa bilər və buna görə təhlükə səviyyəsi nəzərə alınaraq hazırlıq görülməlidir.
Arzu Qafarova
