Bu gün:

24media.az ilə Gündəmə baxış –Həftənin ən vacib xəbərləri


24 media.az həftənin ən önəmli xəbərlərini təqdim edir:

XIII Qlobal Bakı Forumu keçirilib 

XIII Qlobal Bakı Forumu və iştirakçıları

Martın 12-də Bakıda, Gülüstan Sarayında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və İlham Əliyevin iştirakı ilə keçirilib. Prezident açılış mərasimində çıxış edərək qlobal çağırışlar və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunub. Forum çərçivəsində dünya liderləri və ekspertlər qlobal problemlər və beynəlxalq münasibətlərdə fikir ayrılıqlarının aradan qaldırılması mövzusunda müzakirələr aparılıb.

Azərbaycan İrana humanitar yardım göndərib

FHN-ə məxsus yük maşınları və sərhədçi əməkdaşları nəzarət-buraxılış məntəqəsində

Yardım kompaniyasına ərzaq məhsulları, içməli su və dərmanlar daxildir. Məlumata görə, 30 tona yaxın yardım yükündə ümumilikdə 10 ton un, 6 ton düyü, 2,5 tona yaxın şəkər, 4 tondan çox içməli su və təxminən 600 kiloqram çay var. Yükün quru yol ilə Astara şəhərinə çatdırılacağı planlaşdırılır. Yardım iki ölkə lideri – İlham Əliyev və Məsud Pezeşkian arasında aparılan telefon danışığından sonra göndərilib. Qeyd edək ki, humanitar yardım bölgədə davam edən gərginlik fonunda həyata keçirilir.

Rusiya Ukraynaya dron və raketlərlə zərbə endirib

Rusiyanın Ukraynaya hücumu nəticəsində dağılmış çoxmərtəbəli yaşayış binasından görüntü

Rusiya gecə saatlarında Ukrayna ərazisinə dron və raketlərlə hücum edib. Hücum nəticəsində Xarkov şəhərində azı 10 nəfər həlak olub. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücumlar əsasən enerji və dəmir yolu infrastrukturunu hədəf alıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri yüzlərlə dron və raketi zərərsizləşdirsə də, bəzi zərbələr yaşayış və strateji obyektlərə ciddi ziyan vurub.

Müctəba Xameneinin Hörmüz boğazı ilə bağlı açıqlaması

İranın yeni ali rəhbəri Müctəba Xamenei

İranın yeni ali lideri Müctəba Xamenei ilk açıqlamasında Hörmüz boğazının bloklanmasının davam etdirilməli olduğunu bildirib. O, ABŞ və İsraillə davam edən münaqişə fonunda İranın cavab addımlarının davam edəcəyini qeyd edib və ABŞ-nin regiondakı hərbi bazalarını bağlamağa çağırıb. Boğazda gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti 100 dollardan yuxarı qalxıb. Bu, strateji su yolu qlobal enerji və ticarət üçün mühüm əhəmiyyət daşıyır.

G7 liderlərindən Fars Körfəzi üçün yeni addım

Yanaşı düzülmüş G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) bayraqları

G7 (Yeddilər Qrupu) liderləri Yaxın Şərqdəki münaqişəyə həsr olunmuş videokonfrans zamanı Fars körfəzində naviqasiya azadlığının təmin edilməsi üçün gəmilərin müşayiət olunması imkanlarını araşdırmağa razılığa gəliblər. 24media.az görüşdən sonra yayılan açıqlamaya istinadən xəbər verir ki, qərara əsasən, “təhlükəsizlik şəraiti imkan verdikdə” gəmilərin müşayiət olunması imkanlarını araşdırmaq üçün xüsusi işçi qrup yaradılıb. Qeyd edək ki, G7 liderlərinin Yaxın Şərqdəki hadisələrlə bağlı onlayn görüşü Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilib. Əsas müzakirə mövzuları Yaxın Şərqdəki böhranın, xüsusən də İran ətrafındakı vəziyyətin enerji bazarına təsiri, enerji qiymətlərinin artması və G7 ölkələrinin cavablarının əlaqələndirilməsi olub.

Paylaş
Şərh əlavə et