Tanınmış türk tarixçisi və yazıçısı, professor İlbər Ortaylı müalicə aldığı xəstəxanada 78 yaşında vəfat edib.

24Media.az "BBC"yə istinadən bildirir ki, ailə üzvlərinin paylaşdığı mesajda bildirilib ki, "Ailəmizin böyüyü İlbər Ortaylını 13 mart 2026-cı ildə itirdik". Açıqlamada qeyd olunub ki, uzun müddət davam edən və getdikcə ağırlaşan sağlamlıq problemlərinə baxmayaraq, Ortaylının həyata olan marağı və insanlarla bir arada olma istəyi heç vaxt azalmayıb.
Ailə mərhumun dəfn mərasimi ilə bağlı məlumatların daha sonra ictimaiyyətə açıqlanacağını bildirib.
Məlumata görə, Ortaylı son günlər reanimasiya şöbəsində müalicə alıb. O, yanvar ayında prostat əməliyyatı keçirmiş, eyni zamanda böyrək xəstəliyi və diabetlə bağlı sağlamlıq problemləri yaşayıb.
Jurnalist Fatih Altaylı bildirib ki, son bir ildə tarixçinin səhhəti ciddi şəkildə pisləşib. Uzun illər birgə televiziya proqramı apardıqları Ortaylı haqqında Altaylı “yerini doldurmağın mümkün olmadığı insanlardan biridir” sözlərini işlədib.
Onun vəfat xəbərindən sonra sosial şəbəkələrdə çoxsaylı başsağlığı mesajları paylaşılıb. Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu mesajında “Türkiyə böyük bir dəyərini və tarix sahəsində nadir bir alimini itirdi” ifadələrini qeyd edib.
Türkiyə Millət Məclisinin sədri Numan Qurtulmuş isə bildirib ki, Ortaylı geniş tarixi biliyi və elmi araşdırmaları ilə elm dünyasında silinməz iz qoyub.
Jurnalist İzzət Çapa isə sosial şəbəkədə yazıb: "Bəzi insanlar sadəcə bir ömür yaşayır, bəziləri isə bir dövrü izah edir. İlber Ortaylı məhz ikinci kateqoriyaya aid idi".
İlbər Ortaylı kimdir?
1947-ci ildə Avstriyanın Bregenz şəhərində, Krım tatarı ailəsində dünyaya gələn İlbər Ortaylı iki yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.
O, orta təhsilini İstanbul Avstriya Liseyi və Ankara Atatürk Liseyində başa vurub. Daha sonra Ankara Universitetində dil və tarix-coğrafiya fakültəsinin tarix ixtisasında təhsil alıb.
1989-cu ildə professor adını qazanan alim müxtəlif universitetlərdə dərs deyib. O, həmçinin Qalatasaray Universiteti və Bilkənt Universiteti kimi ali təhsil müəssisələrində fəaliyyət göstərib.
2005-ci ildə “Topqapı Muzeyi”nin direktoru təyin olunan Ortaylı bu vəzifədə yeddi il çalışdıqdan sonra 2012-ci ildə təqaüdə çıxıb.
Tarixçi alim televiziya proqramlarında iştirakı, zəngin biliyi və özünəməxsus üslubu ilə geniş auditoriya tərəfindən tanınıb və Türkiyənin ən nüfuzlu tarixçilərindən biri hesab olunub.
Emiliya Vəlicanova
