Bu gün:

Azərbaycan “IAC 2026”da elmi məqalələrin sayına görə yeni rekorda imza atıb


Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Bu, ötən illə müqayisədə təxminən 29 faiz artım deməkdir.

Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) tədbirinin posteri

24media.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə konqresə Azərbaycandan 632 elmi məqalə təqdim olunub. Artım dinamikası ölkədə kosmik elmə və tədqiqat fəaliyyətinə marağın ildən-ilə gücləndiyini göstərir.

Bu il konqresə ümumilikdə 8325 elmi məqalə təqdim olunub. Məqalə sayına görə ilk beşlikdə Türkiyə (1810 məqalə), ABŞ (615), Çin (599) və İtaliya (492) qərarlaşıb.

Konqresə təqdim olunan elmi işlər kosmik sənayenin geniş spektrini əhatə edir. Bu mövzular sırasında kvant texnologiyaları, süni intellekt, davamlı inkişaf, planetar elm, kosmik siyasət, təhsil və yaradıcı fənlərarası yanaşmalar yer alır.

Azərbaycanın son illərdə Beynəlxalq Astronavtika Konqresində əldə etdiyi uğurlarda “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rolu xüsusi qeyd olunur. Akademiyanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq kosmik elmi platformalarda təmsilçiliyini gücləndirmək məqsədilə Milli Elmi Komanda formalaşdırılıb. Milli Elmi Komanda onlarla ali təhsil müəssisəsinin gənc alimləri və tələbələrindən ibarətdir. 2026-cı il üzrə elmi məqalələr aşağıdakı universitetlərin tələbələri tərəfindən təqdim edilib:

Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Tibb Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Türk Azərbaycan Universiteti, Xəzər Universiteti, Azərbaycan Texnoloji Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi.

Bu ilki konqresin əsas mövzusu: “Dünyanın daha çox kosmosa ehtiyacı var” (The World Needs More Space). Mövzu bəşəriyyətin qarşısında duran qlobal çağırışlara kosmik texnologiyalar vasitəsilə həll yollarının tapılması, kosmosun bəşəriyyət üçün əhəmiyyətinin daha dərindən dərk olunması, həmçinin innovasiya, davamlı inkişaf, müxtəliflik və qlobal əməkdaşlığın təşviqi kimi istiqamətləri əhatə edir.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et