Çin ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı fonunda sabit artım nümayiş etdirir.
Çinin Azərbaycandakı səfiri Lu Mey
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30,2 % artaraq 4,87 milyard dollara çatıb və üçüncü ildir ardıcıl olaraq rekord göstərici qeydə alınıb. 2026-cı ilin yanvarında isə ticarət dövriyyəsi 420 milyon dollar təşkil edib və Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.
Səfir qeyd edib ki, ticarət həcmlərinin artması ilə yanaşı, praktik əməkdaşlığın keyfiyyəti də yüksəlib. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji, avtomobil istehsalı, informasiya və kommunikasiya texnologiyaları, eləcə də tikinti materialları istehsalı sahələrində müxtəlif layihələr həyata keçirirlər.
Lu Mey vurğulayıb ki, iki ölkə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı genişləndirir. Onun sözlərinə görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır.
Səfir xatırladıb ki, bu il yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Çin şirkətinin inşa etdiyi “Xızı-Abşeron” külək elektrik stansiyasının açılış mərasimində iştirak edib. Bildirilib ki, Cənubi Qafqazda ən böyük külək enerjisi layihəsi olan bu stansiyanın 300 mindən çox ailəni elektrik enerjisi ilə təmin edəcəyi və karbon tullantılarını ildə 400 min ton azaltacağı gözlənilir.
Lu Mey əlavə edib ki, Çin yüksək texnologiyalar, süni intellekt, informasiya texnologiyaları və infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır. O, həmçinin Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Aylin Bayraməliyeva
