Bu gün:

ABŞ Rusiya neftinin satışına müvəqqəti icazə verib


ABŞ qlobal neft tədarükünə çıxışı artırmaq məqsədilə Rusiya mənşəli neft və ya neft məhsullarının satışına, çatdırılmasına və boşaldılmasına müvəqqəti icazə verib.Bakı, 13 mart, AZƏRTAC

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə katibi Skott Bessent açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp qlobal enerji bazarında sabitliyi təmin etmək üçün qətiyyətli addımlar atır. Bessent bildirib ki, Vaşinqton bir tərəfdən İranın yaratdığı təhlükə və qeyri-sabitliklə mübarizə aparır, digər tərəfdən isə neft qiymətlərinin aşağı səviyyədə qalmasına çalışır.

Nazir qeyd edib ki, qlobal tədarükə çıxışı artırmaq üçün ABŞ Maliyyə Nazirliyi hazırda açıq dənizdə olan Rusiya neftinin alınmasına müvəqqəti icazə verib. Onun sözlərinə görə, bu qərar məhdud və qısamüddətli xarakter daşıyır və yalnız tranzitdə olan neftə şamil olunur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin verdiyi ümumi lisenziyaya əsasən, sanksiyalarla qadağan olunmuş Rusiya mənşəli neft və neft məhsullarının satışına, çatdırılmasına və boşaldılmasına aprelin 11-dək icazə verilib. Lakin bunun üçün həmin məhsullar martın 12-dək tankerlərə yüklənməlidir.

Skott Bessent əlavə edib ki, Donald Trampın enerji siyasəti nəticəsində ABŞ-də neft və qaz hasilatı rekord səviyyəyə çatıb və bu da yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et