Azərbaycanda uşaqlarda zorakılıq əlamətləri aşkar edildiyi halda bu barədə məlumat verilməməsinə görə cərimə tətbiqi təklif olunur.
Uşaq üzündəki kədər və zorakılıq izi
24media.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-4 və 189-5-ci maddələrin əlavə edilməsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, uşaqda zorakılıq əlamətləri aşkar edildiyi halda bu barədə hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək cərimə ediləcək.
Eyni zamanda təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrində, eləcə də penitensiar müəssisələrdə uşaqlara qarşı zorakılığın və ya uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 600 manatadək cərimə olunacaq.
Aylin Bayraməliyeva
