Bu gün:

Süni intellektlə hazırlanan saxta materiallara görə cəza tətbiq oluna bilər


Azərbaycanda süni intellekt texnologiyalarından istifadə etməklə saxta foto, video və audio materialların hazırlanması və yayılmasına görə cəza tədbirlərinin tətbiqi nəzərdə tutulur.

Data və rəqəmsal məlumat axınını əks etdirən fon üzərində yerləşən süni intellekt robot təsviri


24media.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.

Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə süni intellekt və xüsusi proqram təminatı vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio material hazırlamaq və ya yaymaq 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, yaxud 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Sənədə görə, eyni əməllər bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsə qarşı, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bundan başqa, şəxsin razılığı olmadan süni intellekt texnologiyalarından istifadə etməklə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Həmçinin süni intellekt vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə onların belə texnologiyalarla hazırlandığını göstərən aydın və görünən nişanlama ilə təqdim olunmalıdır.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et