Yaxın Şərqdə davam edən hərbi toqquşmalar dünya birjalarında qazın qiymətinin artmasına səbəb olub.
Bakı, 10 mart, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Niderlandın TTF habında 1000 kubmetr qazın qiyməti 842,7 dollara çatıb. Bu, 2023-cü ildən sonra qeydə alınan ən yüksək göstəricilərdən biridir.
Məlumata görə, Körfəzdə hərbi əməliyyatların başlamasından sonra qazın qiyməti tədricən artmağa başlayıb. Hörmüz boğazı ətrafında yaranan gərginlik və gəmilərin təhlükəsiz keçidi ilə bağlı risklər isə bazarda əlavə narahatlıq yaradıb. İran ordusunun boğazdan keçən gəmilərlə bağlı təhdidləri sıxılmış təbii qazın (LNG) daşınmasında problemlər yaradıb və bu da qiymətlərin artmasına səbəb olub.
Qətərin energetika naziri Saad Şerida əl-Kaabi “Financial Times”a müsahibəsində bildirib ki, hərbi əməliyyatlar dayandırılsa belə, qaz hasilatının qısa müddətdə bərpa olunması çətin olacaq. Onun sözlərinə görə, gəmilərin Hörmüz boğazından keçidi tam təmin olunmayınca dünya bazarında enerji qiymətlərində artım davam edə bilər.
Analitiklərin fikrincə, mövcud vəziyyət 2026-cı ilin ikinci yarısına qədər davam edə bilər. Bu şəraitdə isə Avropanın və digər regionların alternativ enerji mənbələrinə, o cümlədən Azərbaycan qazına tələbatının artması gözlənilir.
Aylin Bayraməliyeva
