Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlənib.
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyərkən
24media.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununu imzalayıb.
Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (3-1 və 28-1) əlavə edilib, bir maddə (5-ci maddə) isə çıxarılıb. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində dəyişikliklər edilib.
Yeni redaksiyada Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qeyd olunur və əvvəl Preambulada göstərilən Moskva və Qars müqavilələrinin adları Konstitusiyadan çıxarılır.
Dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılır və bu quruma Prezident tərəfindən təyin olunan nümayəndə rəhbərlik edəcək. Bundan başqa, müəyyən hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Prezidenti tərəfindən buraxılması da nəzərdə tutulur.
Sənəddə həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin artıq Ali Məclisə tabe olmayacağı, fəaliyyət qaydasını isə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcəyi qeyd olunub.
Prezidentin digər sərəncamı ilə Nazirlər Kabinetinə qanunların və dövlət başçısının aktlarının yeni Konstitusiya qanununa uyğunlaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb təqdim etmək tapşırılıb.
Aylin Bayraməliyeva
