Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İrandan atılan ballistik raket ölkənin hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama - 9 Mart 2026
24media.az "BBC"yə istinadən bildirir ki, Nazirlikdən verilən məlumata görə, raketə aid bəzi sursat qalıqları Qaziantep ərazisində boş sahələrə düşüb. Hadisə nəticəsində hər hansı xəsarət və ya ölüm hadisəsi qeydə alınmayıb.
Açıqlamada qonşuluq münasibətlərinin vacibliyi vurğulansa da, Türkiyə ərazisinə və hava məkanına yönələn “hər cür təhdidə qarşı zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı” bildirilib. Nazirlikdən, həmçinin “Ankaranın bu istiqamətdəki xəbərdarlıqlarına əməl olunmasının hər kəsin maraqlarına uyğun olduğu” qeyd edilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Xidmətinin rəhbəri Burhanəddin Duran da açıqlamasında bütün dövlət qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib.
Qeyd olunur ki, 4 martda İrandan atılan başqa bir raket də oxşar şəkildə məhv edilib. İran həmin hadisədə Türkiyənin hədəf alınmadığını bildirib.
Hadisədən sonra Rəcəb Tayyib Ərdoğan, Hakan Fidan başda olmaqla Türkiyənin yüksək vəzifəli rəsmiləri Ankaranın mövqeyini bildirib. Həm NATO, həm də ABŞ tərəfindən Türkiyəyə dəstək mesajları verilib.
Aytac Musayeva
