Bu gün:

İsrailin hava zərbələri Tehrandakı neft obyektlərini hədəf alıb


İranla müharibə başlayandan bəri İsrail ilk dəfə ölkənin nüvə obyektlərini hədəf alıb. Nəticədə azı 4 nəfər ölüb. 

Hücumdan sonra Tehran səması - 8 Mart 2026

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, bazar günü İsrail və ABŞ-nin İrana qarşı birgə hücumları doqquzuncu gününə daxil olub. Rəsmi məlumatlara görə, indiyədək İranda 1300-dən çox, Livanda isə təxminən 300 nəfər həyatını itirib. İsraildə isə təxminən on nəfərin öldüyü bildirilir.

İranın Fars xəbər agentliyinin məlumatına görə, şənbə günü həyata keçirilən zərbələr Tehranda və Əlborz vilayətində yerləşən dörd neft anbarını və bir neft ötürmə mərkəzini hədəf alıb. Hücumlar nəticəsində genişmiqyaslı yanğınlar baş verib. İran dövlət mediası hadisəni “ABŞ və sionist rejimin hücumu” kimi qiymətləndirib.

Hədəfə alınan obyektlər arasında Tehranın şimal-şərqində yerləşən Ağdəsiyə neft anbarı, şəhərin cənubundakı Tehran neft emalı zavodu, paytaxtın qərbindəki Şəhran neft anbarı və Kərəc şəhərindəki neft bazası olub. 

Hücumlar nəticəsində Tehran və Əlborz bölgələrində ən azı dörd tanker sürücüsünün öldüyü bildirilib. Bununla yanaşı, rəsmi mənbələr ölkədə yanacaq paylanmasında hər hansı çatışmazlığın olmadığını və təhlükəsizlik qüvvələrinin yanğınsöndürmə işləri apardığını açıqlayıb.

İsrail isə bəyan edib ki, zərbələr Tehranda “hərbi infrastrukturun fəaliyyətini təmin edən bir sıra yanacaq anbarlarını” hədəf alıb.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et