Alimlər son vaxtlar kvant texnologiyalarından istifadə edərək elm dünyasında böyük maraq doğuran yeni bir kəşfə imza atıblar.

Şəkildə kvant fizikası təsvir olunub
Beynəlxalq tədqiqatçılar qrupu indiyə qədər yalnız nəzəriyyədə mövcud olduğu düşünülən qeyri-adi quruluşa malik yeni bir molekul növünü yaratmağa və onun xüsusiyyətlərini sübut etməyə nail olub. Bu molekul adi kimyəvi strukturlardan fərqli olaraq bükülmüş halqa formasına malikdir və quruluşu riyaziyyatda məşhur olan Möbius lentinə bənzəyir. Məhz buna görə də alimlər bu quruluşu “yarı-Möbius molekulu” adlandırırlar.
Bu cür molekulların ən maraqlı tərəfi onların elektronlarının hərəkətinin adi molekullardan fərqli şəkildə baş verməsidir. Tədqiqatçılar molekulun quruluşunu və davranışını daha dəqiq anlamaq üçün kvant kompüterlərinin imkanlarından istifadə ediblər. Kvant kompüterləri atomların və elektronların qarşılıqlı təsirini çox yüksək dəqiqliklə modelləşdirə bildiyi üçün alimlər molekulun sabitliyini və xüsusiyyətlərini analiz edə biliblər. Araşdırma nəticəsində məlum olub ki, bu tip molekullar xüsusi elektron xüsusiyyətlərinə malikdir və gələcəkdə yeni nəsil materialların hazırlanmasında böyük rol oynaya bilər. Mütəxəssislər hesab edirlər ki, belə qeyri-adi molekullar nano-texnologiya, elektronika və hətta yeni dərmanların hazırlanması sahəsində mühüm imkanlar yarada bilər. Bu kəşf həm kimya, həm də kvant fizikasının birləşməsi nəticəsində əldə olunmuş mühüm elmi nailiyyət hesab edilir və alimlər gələcək tədqiqatlarda bu molekulların daha fərqli formalarını yaratmağın mümkün olub-olmadığını araşdırmağa davam edəcəklər.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
