Bu gün:

Qətər: İran müharibəsi enerji ixracını dayandıra bilər


Qətərin energetika naziri Saad Şəridə əl-Kaabi bildirib ki, İranla müharibə gərginləşməyə davam edərsə, Körfəz regionundan enerji ixracı “bir neçə həftə ərzində dayana bilər” və bu, qlobal enerji bazarlarında ciddi qarışıqlığa səbəb ola bilər.

Məsəid sənaye şəhərindəki "QatarEnergy" şirkətinin fəaliyyət göstərən obyektlərinin görüntüsü

24media.az Al Jazeera-yə istinadən bildirir ki, Nazir "Financial Times" qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, müharibə həftələrlə davam edərsə, bunun nəticələri qlobal iqtisadi artıma da təsir göstərəcək.

“Hamı üçün enerji qiymətləri yüksələcək. Bəzi məhsullarda çatışmazlıq yaranacaq və nəticədə istehsal zəncirində problemlər meydana çıxacaq”, – deyə əl-Kaabi bildirib.

Qətər bazar ertəsi günü mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırıb. Buna səbəb İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Qətərə və digər Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etməsi olub.

Qətərin LNG istehsalı qlobal təchizatın təxminən 20 faizinə bərabərdir və Asiya ilə Avropa bazarlarında qaz tələbinin balanslaşdırılmasında mühüm rol oynayır.

Əl-Kaabi bildirib ki, vəziyyət davam edərsə, yaxın günlərdə Körfəz regionundakı enerji ixracatçıları force majeure (fövqəladə hallar səbəbilə müqavilə öhdəliklərinin dayandırılması) elan edə bilər.

“Əgər vəziyyət belə davam edərsə, yaxın günlərdə hələ bunu elan etməyən şirkətlərin də force majeure elan edəcəyini gözləyirik”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, müharibə dərhal dayansa belə, Qətərin qaz tədarükünün normal rejimə qayıtması bir neçə həftədən bir neçə aya qədər vaxt ala bilər.

Aytac Musayeva 


Paylaş
Şərh əlavə et