Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası yaradılıb. Laboratoriyada suyun fiziki-kimyəvi göstəricilərinin – pH, temperatur, elektrik keçiriciliyi, sərtlik və bulanıqlıq kimi parametrlərin, həmçinin nitrat, fosfat və xlorid kimi əsas tərkib elementlərinin müəyyənləşdirilməsi üçün müasir ölçmə və analiz cihazları quraşdırılıb.

24media.az xəbər verir ki, yeni laboratoriya çərçivəsində su nümunələrinin götürülməsi və hazırlanması üçün zəruri laboratoriya infrastrukturu da yaradılıb. Bu prosesə filtrasiya, saxlanma və təhlükəsiz işləmə prosedurları daxildir ki, bu da su keyfiyyətinin daha dəqiq və sistemli şəkildə öyrənilməsinə imkan verir.
Laboratoriya müəllim və tədqiqatçılara su və ətraf mühit mövzularında elmi araşdırmalar aparmaq, tələbələrə isə ixtisas fənlərini praktiki mühitdə öyrənmək imkanı yaradacaq. Eyni zamanda, regionda su keyfiyyətinin qiymətləndirilməsi, ekoloji risklərin müəyyənləşdirilməsi və su resurslarından səmərəli istifadəyə dair elmi əsaslı yanaşmaların tətbiqi baxımından mühüm platforma rolunu oynayacaq.
Arzu Qafarova
