Bu gün:

İraqlı kürdlərin İrana quru əməliyyatı iddiasının əsassız olduğu bildirilib


İraq Kürdüstan Regional Hökumətinin (IKBY) Baş nazirlik ofisinin katib müavini Əziz Əhməd sosial şəbəkə hesabında yaydığı açıqlamada iraqlı kürdlərin İran sərhədini keçərək quru əməliyyatı başlatması barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

24media.az BBC-yə istinadən bildirir ki, onun sözlərinə görə, “bir nəfər belə iraqlı kürd sərhədi keçməyib” və yayılan məlumatlar tamamilə əsassızdır.

Bundan əvvəl isə ABŞ-nin “Fox News” telekanalında amerikalı rəsmiyə istinadən minlərlə iraqlı kürd döyüşçüsünün İrana qarşı quru əməliyyatına başladığını iddia edən məlumat yayılıb.

Kürdüstan Azadlıq Partiyası (PAK) isə yaydığı açıqlamada qüvvələrinin Rojhilat sərhədini keçməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bəyan edib. Partiya sosial şəbəkədə paylaşdığı açıqlamada bu iddiaları qətiyyətlə rədd etdiyini və belə bir hadisənin baş vermədiyini vurğulayıb. 

Qeyd edək ki, açıqlamaların İran ilə Bağdad arasında sərhəd təhlükəsizliyi ilə bağlı yüksək səviyyəli diplomatik təmaslardan sonra verildiyi bildirilir.

Aytac Musayeva 


Paylaş
Şərh əlavə et