Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İrandan atılan və Suriya ilə İraq üzərindən keçərək Türkiyə hava məkanına yönələn ballistik raket NATO hava müdafiə sistemləri tərəfindən məhv edilib.
24media.az Al Jazeera-yə istinadən bildirir ki, Nazirliyin açıqlamasında raketin hədəfinin dəqiq məlum olmadığı qeyd edilib.
“İran tərəfindən buraxılan, İraq və Suriya hava məkanından keçdiyi müəyyən olunan və Türkiyə hava məkanına yönələn ballistik sursat vaxtında şərq Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə vasitələri tərəfindən məhv edilərək təsirsiz hala gətirildi", – açıqlamada bildirilir.
Bildirilib ki, hücum nəticəsində hər hansı itki və ya yaralanma baş verməyib. Nazirlikdən əlqvə edilib ki, Ankara hər hansı düşmən hərəkətlərinə cavab vermək hüququnu saxlayır və tərəfləri konflikti gərginləşdirməkdən çəkinməyə çağırır.
"Reuters" xəbər agentliyinin məlumatına görə, Türkiyə xarici işlər naziri Hakan Fidan İranlı həmkarı ilə telefon danışığı zamanı Türkiyə hava məkanına edilən hücuma Ankaranın mövqeyini bildirib.
Həmçinin NATO da İranın Türkiyəni hədəf almasını qınayıb. Təşkilatın sözçüsü Allison Hart bildirib ki, NATO “bütün müttəfiqləri, o cümlədən Türkiyəni möhkəm şəkildə dəstəkləyir”.
Hart vurğulayıb ki, “bizim qarşısıalınma və müdafiə mövqeyimiz, hava və raket müdafiəsi daxil olmaqla, bütün sahələrdə güclüdür".
ABŞ müdafiə naziri Pit Heqset isə raketin məhv edilməsinin NATO-nun 5-ci maddəsinin işə düşməsinə səbəb olacağına dair heç bir göstərici olmadığını bildirib. Bu maddə bir NATO üzvünə edilən hücumun bütün üzvlərə edilmiş hücum sayıldığını nəzərdə tutur.
Aytac Musayeva
