Ramazan ayında düzgün qidalanma gün ərzində davam edən aclıq və susuzluq səbəbindən orqanizmin balansını qorumaq baxımından xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər vitamin və mineral baxımından zəngin, bütün əsas amin turşularını ehtiva edən bir taxıl məhsuluna diqqət çəkərək bildirirlər ki, uzun müddət toxluq hissi yaratdığı üçün bu məhsul sahur süfrələrində mütləq yer almalıdır. Maqnezium, dəmir, sink, B qrupu vitaminləri və antioksidantlarla zəngin olan həmin “super qida” — kinoadır.

Ramazan ayında uzunmüddətli aclıq səbəbindən qan şəkərinin düşməsi, təzyiq dəyişiklikləri və halsızlıq halları müşahidə oluna bilər. Bu səbəbdən sahur və iftar zamanı düzgün qida seçimi böyük əhəmiyyət kəsb edir. Son illərdə “super qida” kimi tanınan kinoa uzun müddət tox saxlaması ilə seçilir. Eyni zamanda, tərkibindəki faydalı maddələr sayəsində qan şəkərinin ani yüksəlməsinin qarşısını almağa kömək edir.
Liflə zəngindir.
Həzm prosesini dəstəkləyir, bağırsaq fəaliyyətini tənzimləyir və uzunmüddətli toxluq hissi yaradır.
Ürək sağlamlığını qoruyur.
Tərkibindəki lif və faydalı komponentlər “pis” xolesterinin azalmasına töhfə verir.
Qan şəkərini tarazlayır.
Aşağı qlisemik indeksə malik olması səbəbindən qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almağa yardım edir.
Qlütensizdir.
Çölyak xəstələri və qlütənə həssaslığı olan şəxslər üçün təhlükəsiz alternativ hesab olunur.
Emiliya Vəlicanova
