Mərakeşdə it dişləməsindən sonra quduzluğa yoluxan Böyük Britaniya vətəndaşı Yvonne Ford xəstəxanada vəfat edib, xəstəliyin isə yalnız psixiatrın müdaxiləsindən sonra müəyyənləşdirildiyi açıqlanıb.

Böyük Britaniyada quduzluqdan ölən 59 yaşlı Yvonne Fordun işi üzrə aparılan istintaq zamanı bildirilib ki, diaqnoz yalnız psixi sağlamlıq üzrə mütəxəssis cəlb edildikdən sonra təsdiqlənib.
Mərhumun fevral ayında Mərakeşdə çimərlikdə olarkən küçə itinin balası tərəfindən hücuma məruz qaldığı, lakin xəsarəti yüngül hesab edərək tibbi yardıma müraciət etmədiyi bildirilib. O, yaranı sadəcə nəm salfetlə təmizləyib.
Ford və ailəsi Böyük Britaniyaya qayıtdıqdan sonra onda müxtəlif simptomlar yaranıb. Həkimlər ilkin mərhələdə dəqiq diaqnoz qoya bilməyib və simptomların psixi sağlamlıq problemi ilə bağlı ola biləcəyini düşünüb.
Şeffild məhkəmə-tibbi istintaq məhkəməsində keçirilən dinləmədə bildirilib ki, Barnsli şəhər sakini olan Fordun vəziyyəti ağırlaşdıqdan sonra o, xəstəxananın psixi sağlamlıq bölməsinə yönləndirilib.
Onu müayinə edən psixiatr Aleksandr Börns ifadə verərək bildirib ki, həmkarları diaqnoz qoymaqda çətinlik çəkib və simptomların psixi pozuntuya işarə edə biləcəyini ehtimal edib. Məhz bu qiymətləndirmədən sonra xəstədə quduzluq aşkarlanıb.
Yvonne Ford 11 iyun tarixində Barnsli xəstəxanasında vəfat edib. Onun ölümünün fevral ayında baş vermiş it hücumundan dörd ay sonra qeydə alındığı bildirilib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
