
24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas, Azərbaycan Prodüserlər Gildiyasının sədri, Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi Fikrin Bəktaşidir. O, Azərbaycan mədəniyyətinin dünyada daha çox tanınması üçün edilə biləcək dəyişikliklər barədə danışıb.
-Sizcə, Azərbaycan mədəniyyətində nələr dəyişilməlidir ki, digər dünya mədəniyyətləri kimi dünyada daha çox tanınsın?
-Çox sadə sualdır, amma olduqca böyük məsələləri özündə ehtiva edir. İlk növbədə, biz bilməliyik ki, mədəniyyət sahəsində dövlətin siyasətinin prioriteti milli mədəni irsimizin qorunması və zənginləşdirilməsidir. Milli mədəni irsin zənginləşdirilməsi üçün isə milli mədəni sərvətlərin yaradılması mütləq stimullaşdırılmalıdır. Yəni dövlət yaradıcı insanları aşkarlamalı, onların peşəkar inkişafına dəstək olmalı və onların yaradıcılıq nəticələrini geniş auditoriyaya və xarici bazarlara çıxışını təmin etməlidir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi ən unikal mədəni sərvətlər hesabına milli mədəni irsimiz zənginləşir. Buna nail olmaq üçün 3 istiqamətdə islahatların aparılmasına ehtiyac var. İslahatlar qanunvericilik, idarəetmə və infrastruktur islahatlarını əhatə etməlidir. Fikir versəniz, Mədəniyyət haqqında Qanundan başqa, bu sahəyə aid bütün əsas qanunlar 20 il əvvəl qəbul edilib və müasir tələblərə və çağırışlara cavab vermir. Mədəniyyət sahəsindəki idarəetmə islahatları isə yerli və xarici qurumlarla, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasına xidmət etməli, kommersiya layihələri ilə bağlı daha intensiv və dinamik qərarların verilməsini əks etdirməlidir. Eyni zamanda, dövlətin keçirdiyi siyasət daxili bazarın qorunması (proteksionizm siyasəti) və yerli layihələrin xarici bazarlara çıxışı tədbirlərini özündə əks etdirməlidir.
Günel Məmmədova
