İranda artan hərbi gərginlik fonunda Azərbaycan humanitar dəhliz rolunu icra edərək həm öz vətəndaşlarının, həm də xarici ölkə təmsilçilərinin təxliyəsini uğurla davam etdirir. Fevralın 28-i saat 08:00-dan martın 2-si saat 20:00-dək olan müddətdə İrandan ümumilikdə 553 nəfər təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçib.

24media.az APA-ya istinadən xəbər verir ki, təxliyə olunanların 152 nəfəri Azərbaycan vətəndaşı, qalan 401 nəfəri isə müxtəlif xarici ölkələrin vətəndaşlarıdır. Əcnəbilər arasında ən böyük qrupları Çin (127 nəfər), Rusiya (114 nəfər), Pakistan (65 nəfər) və Tacikistan (42 nəfər) vətəndaşları təşkil edir.
Proses zamanı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Banqladeş, Fransa, Gürcüstan, Türkiyə, İtaliya və digər bir çox ölkənin vətəndaşları da Azərbaycanın yaratdığı şəraitdən istifadə edərək münaqişə zonasını tərk ediblər. Təxliyə prosesi saatbasaat intensivləşir və hər keçid məntəqəsində humanitar dəstək təmin olunur.
İran mənbəsi və rəsmi Tehranın sükutu fonunda Azərbaycanın bu humanitar fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Sərhədi keçən şəxslərin lazımi tibbi yoxlanışdan keçirildiyi və logistik ehtiyaclarının təmin olunduğu bildirilir.
Arzu Qafarova
