Bu gün:

İsrail–İran gərginliyi fonunda toqquşmalar Livana yayılıb


İsrail və ABŞ-nin 28 fevral tarixində İrana qarşı başlatdığı genişmiqyaslı hücumların üçüncü günündə gərginlik Livan ərazisinə keçib.

24media.az BBC-yə istinadən bildirir ki, İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus olduğunu bildirdiyi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Beyrut və ölkənin cənub bölgələrinə edilən hücumlar nəticəsində 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.

Belə ki, Beyrutun cənubunda yerləşən və Hizbullahın əsas dayaqlarından biri hesab olunan Daniyə ərazisində güclü partlayış baş verdiyi bildirilib. BBC-nin Beyrutdakı müxbiri Samantha Granville partlayışın şəhərin cənubunda baş verməsinə baxmayaraq, mərkəzdə baş vermiş kimi hiss edildiyini deyib.

İsrail bundan əvvəl Beyrutun cənubundakı bəzi binalar üçün təcili təxliyə çağırışı edib. İsrail ordusunun ərəb dilli sözçüsü qısa müddət ərzində Hizbullahla əlaqəli olduğunu iddia etdiyi Əl-Qard əl-Həsən Assosiasiyasının (AQAH) binalarının hədəf alınacağını bildirib və sakinləri dərhal ərazini tərk etməyə çağırıb.

İsrail tərəfi AQAH-ın Hizbullahın hərbi fəaliyyətlərini maliyyələşdirdiyini iddia edir. Qurum isə yalnız Livan vətəndaşlarına kiçik məbləğli, faizsiz kreditlər təqdim etdiyini bəyan edir.

Qeyd edək ki, Beyrutun Avkar rayonunda yerləşən ABŞ səfirliyində əməkdaşlara sığınacaqlara çəkilmək və pəncərələrdən uzaq durmaq barədə göstəriş verildiyi bildirilib. Vaşinqton da öz vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et