ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən silsilə hərbi zərbələrdən sonra rəsmi Tehranın dialoq təşəbbüsü ilə çıxış etdiyini açıqlayıb. Ağ Ev rəhbəri bu təklifi qəbul etdiyini və tərəflər arasında ünsiyyətin yenidən başlaya biləcəyini vurğulayıb.
24media.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə "The Atlantic" nəşrinə verdiyi müsahibədə danışıb. ABŞ Prezidenti qeyd edib ki, İran rəhbərliyi vəziyyətin ciddiliyini anlayaraq kompromis axtarışına çıxıb, lakin bu qərarın gecikdiyini də gizlətməyib: “Onlar danışmaq istəyirlər və mən də razılaşdım. Ona görə də onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər”.
Trampın sözlərinə görə, Tehranın vaxtında qərar verməməsi hərbi əməliyyatların bu həddə çatmasına səbəb olub. İran mənbəsi tərəfindən danışıqlar təklifinin detalları hələlik rəsmən təsdiqlənməsə də, Vaşinqtonun bu addımı gərginliyin diplomatik yolla həlli üçün kiçik bir ümid işığı yaradır.
Hazırda beynəlxalq vasitəçilərin bu mümkün danışıqlarda hansı rolu oynayacağı və görüşün vaxtı barədə müzakirələr davam edir.
Arzu Qafarova
