Bu gün:

Donald Tramp: "Zərbələr İranın nüvə silahı əldə etməsinin qarşısını alıb"


ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın əsas səbəbini açıqlayıb. O, bu addımın Tehranın nüvə silahı hazırlamaq ərəfəsində olması ilə bağlı olduğunu bildirib.

24media.az "Report"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsində əməliyyatın vaxtının kritik əhəmiyyət kəsb etdiyini vurğulayıb. Trampın sözlərinə görə, kəşfiyyat məlumatları İranın nüvə başlığı hazırlamağa çox yaxın olduğunu göstərib: "Əgər biz bunu etməsəydik, iki həftə ərzində nüvə başlığına sahib olacaqdılar. Sonra bunların heç biri mümkün olmazdı".

Prezident qeyd edib ki, ABŞ və İsrailin birgə zərbələri İranın nüvə potensialını sıradan çıxarmağa və regionu gözlənilən atom təhlükəsindən xilas etməyə yönəlib. Donald Tramp həmçinin əlavə edib ki, nüvə statusu əldə etdikdən sonra İrana qarşı bu cür effektiv hərbi əməliyyat keçirmək qat-qat riskli və çətin olardı.

Xatırladaq ki, İran mənbəsi tərəfindən yayılan bəyanatlarda ölkənin nüvə proqramının sülh məqsədli olduğu bildirilsə də, Vaşinqton və Təl-Əviv bu iddiaları qəti şəkildə rədd edərək hərbi müdaxilə yolunu seçiblər.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et