Bu gün:

Pezeşkian: Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək


İranın cənubunda yerləşən Minab şəhərindəki “Şəcərəyi-Təyyibə” ibtidai məktəbində baş vermiş faciə və ABŞ ilə İsrailin qeyri-mülki obyektə endirdiyi zərbə nəticəsində onlarla günahsız şagirdin həlak olması İran cəmiyyətini, eləcə də dünyanın vicdanlı və azad insanlarını kədərə qərq edib.

İran Prezidenti Məsud Pezeşkian bununla bağlı açıqlamasını İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalı vasitəsilə yayıb.

Prezident mesajında baş verənləri sərt şəkildə pisləyərək bildirib ki, bu qəddar və insanlıqdan uzaq əməl ölkəyə qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsinə növbəti səhifə kimi yazılıb və xalqın tarixi yaddaşından heç vaxt silinməyəcək.

M.Pezeşkian faciə ilə əlaqədar övladlarını itirən ailələrə, Minabın ləyaqətli sakinlərinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verib. O, həmçinin regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlara müraciət edərək xəsarət alan şəxslərə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə yardım göstərilməsini, zərərçəkmiş ailələrin isə hərtərəfli qayğı ilə əhatə olunmasını tapşırıb.

Qeyd edək ki, Minab şəhərində endirilən zərbə nəticəsində məktəbin təxminən 160 şagirdinin həlak olduğu bildirilir.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et