Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
24media.az bildirir ki, sənəd uşaqların onlayn məkanda müdafiəsini gücləndirməyə yönəlib.
Burada balanslı və sübuta əsaslanan yanaşmanın tətbiqi, sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarının artırılması, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal imkanların inkişafı əsas məqsəd kimi göstərilir.
Sərəncamda vurğulanır ki, ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal alətlərin geniş yayılması sosial şəbəkələrin ictimai münasibətlərdə rolunu xeyli artırıb.
Cəmiyyətin rəqəmsallaşmasının sürətlənməsi, uşaqların sosial şəbəkələrlə erkən yaşlardan təmasda olması və bu platformalarda informasiyanın istehsal və yayım miqyasının böyüməsi mövcud hüquqi mexanizmlərin yenidən qiymətləndirilməsini zəruri edir. Müasir texnoloji və təhlükəsizlik çağırışları nəzərə alınaraq qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Beynəlxalq təşkilatların və elmi araşdırmaların nəticələri də göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması onların psixoloji sağlamlığı və təhlükəsiz inkişafı üçün xüsusi hüquqi və texnoloji mexanizmlər tələb edir. Bu çərçivədə dövlətlərin uşaqların şəxsi həyatı, ləyaqəti və təhlükəsizliyini birbaşa qoruması tövsiyə olunur.
Dünya təcrübəsində sosial şəbəkələr üçün yeni tələblərin tətbiqi genişlənir. Bu tələblər risklərin azaldılması, məlumatların daha etibarlı qorunması və platformaların məsuliyyətinin artırılmasını nəzərdə tutur. Sistemli hüquqi çərçivə, valideyn nəzarəti, daxili təhlükəsizlik alətləri və yaşa uyğun məzmun filtrləri uşaqların onlayn təhlükəsizliyini təmin etməyə xidmət edir. Eyni zamanda, bu yanaşma onların tənqidi düşünmə və informasiya mədəniyyətinin formalaşmasına şərait yaradır.
Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti qurumlar və mütəxəssislər cəlb olunmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq üç ay ərzində uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasına dair normativ hüquqi aktların layihələri hazırlanıb Prezidentə təqdim edilsin. Bu layihələr qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqini də əhatə etməlidir.
Bundan əlavə, məktəbəhazırlıq və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyənləşdirilməsi, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi nəzərdə tutulur. Valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirici proqramların hazırlanması, sosial şəbəkələrdən qanuni və məsuliyyətli istifadənin təşviqi, həmçinin uşaqların rəqəmsal rifahı ilə bağlı elmi tədqiqatların dəstəklənməsi də prioritet istiqamətlər kimi müəyyən edilib.
Aytac Musayeva
