Oskar mükafatlı aktyor Robert De Niro ABŞ prezidenti Donald Trump barədə sərt açıqlamalar verərək, onun hakimiyyəti könüllü şəkildə tərk etməyəcəyini iddia edib və amerikalıları “onu getməyə məcbur etməyə” çağırıb.

De Niro “MS NOW” proqramında çıxışı zamanı bildirib ki, Trampın seçkilərlə bağlı səsləndirdiyi fikirlər zarafat deyil: “O heç vaxt getməyəcək. Biz onu getməyə məcbur etməliyik. Artıq kifayət qədər şey görmüşük”. Aktyorun sözlərinə görə, ölkə demokratik dəyərlərə qayıtmalıdır.
O, Vaşinqtonda keçirilən “State of the Swamp” adlı tədbirdə də çıxış edərək ABŞ-də hakimiyyətin “bir ovuc avtoritar meylli şəxsin” əlində cəmləşdiyini iddia edib və özünü ölkəsi tərəfindən “xəyanətə uğramış” hiss etdiyini deyib.
Tramp isə cavab olaraq “Truth Social” platformasında paylaşım edərək Nümayəndələr Palatasında çıxışı zamanı etiraz edən demokrat konqres üzvləri – Ilhan Omar və Rashida Tlaib – eləcə də De Niro barədə təhqiramiz ifadələr işlədib. O, onların deportasiya edilməli olduqlarını qeyd edib. Hər üç şəxs ABŞ vətəndaşıdır və qanunvericiliyə görə vətəndaşlığın bu şəkildə ləğvi mümkün deyil.
Məsələ ictimai rəyə də təsir edib. Reuters/Ipsos tərəfindən keçirilən son sorğuya əsasən, amerikalıların 60 faizi Trampın yaşlandıqca daha qeyri-sabit davrandığını düşünür. Respondentlərin 61 faizi onu “yaşla əlaqədar qeyri-sabitləşmiş” kimi xarakterizə edib.
Digər tərəfdən, Washington Post/ABC News/Ipsos-un sorğusunda iştirak edənlərin yalnız 39 faizi Trampın prezident kimi fəaliyyətini bəyəndiyini bildirib. Ağ Ev rəsmiləri isə bu nəticələri “reallığı əks etdirməyən narrativlər” kimi qiymətləndiriblər.
Mənbə: Euronews
Tərcümə etdi: Nərmin Məmmədzadə
