Bu gecə və sabah səhər saatlarında səma müşahidəçilərini nadir astronomik hadisə gözləyir.
Günəş və ətrafında hərəkət edən planetlərin vizual təqdimatı
28 fevral 2026-cı il tarixində altı planet eyni xətt boyunca görünəcək. Bu hadisə astronomiyada “planet paradı” adlanır.
Məlumata görə, Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun Gün batdıqdan sonra üfüq xətti boyunca bir sırada müşahidə olunacaq. Planetlərin eyni istiqamətdə düzülməsi səma həvəskarları üçün maraqlı və nadir vizual mənzərə yaradacaq.
Mütəxəssislər bildirirlər ki, hadisəni müşahidə etmək üçün ən uyğun vaxt Gün batdıqdan dərhal sonrakı saatlardır. Bəzi planetlər adi gözlə görünə biləcək. Uran və Neptunu daha aydın görmək üçün isə teleskop və ya güclü binokl tövsiyə olunur.
Astronomlar qeyd edirlər ki, belə düzülmələr tam nadir olmasa da, altı planetin eyni vaxtda bir xətt üzrə görünməsi tez-tez baş vermir. Açıq səma və işıq çirkliliyinin az olduğu ərazilərdə müşahidə daha uğurlu ola bilər.
Səma müşahidəçilərinə şəhər işıqlarından uzaq məkan seçmək və hava şəraitini əvvəlcədən yoxlamaq tövsiyə olunur. Bu hadisə həm peşəkar astronomlar, həm də həvəskarlar üçün göy üzünü izləmək baxımından xüsusi fürsət hesab edilir.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
