Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elm Günü ilə bağlı keçirilən görüşdə ARB24 telekanalının direktoru Radik İsmayılov tələbə jurnalistlərə xəbər jurnalistikasında süni intellektdən istifadə qaydalarından danışıb.
O bildirib ki, “ChatGPT” ilə xəbər formalaşdırmaq vaxta qənaət etmək üçün yaxşı seçimdir. Direktor həmçinin süni intellekt vasitəsilə məzmun hazırlanmasının qorxulu proses olmadığını, əksinə ondan səmərəli istifadə yollarını tapmaq lazım olduğunu qeyd edib.
24media.az xəbər verir ki, görüşdə süni intellektin media sahəsində yaratdığı imkanlar və potensial risklər haqqında da müzakirə aparılıb. Radik İsmayılov süni intellektdən istifadə ilə bağlı gələcəkdə yazının müəlliflik hüququnun pozulması ilə bağlı problemlərin yarana biləcəyini, ancaq hazırda bu problemin aktual olmadığı üçün istifadəsinin mümkün olduğunu deyib. Xüsusilə faktların toplanılması və qrafik təsvirlərin hazırlanması baxımından əlverişli olduğunu vurğulayıb.
ARB24 telekanalının direktorunun sözlərinə görə, süni intellekt xəbər jurnalistikası üçün yeni perspektivlər açır: “Süni intellektə düzgün açar sözlər və dəqiq tapşırıq verildikdə gündəmdə olan mövzu üzrə məzmunlu xəbər mətni əldə etmək mümkündür. Ancaq “ChatGPT”nin səhvlər edə biləcəyini nəzərə alaraq detalları mütləq yoxlamaq lazımdır”, - deyə o əlavə edib.
Həmçinin Radik bəy tələbələrlə şəxsi təcrübəsini bölüşüb. O, mövzu ilə bağlı maraqlı xatirəsindən danışıb: “Fransada sənədli film çəkilişi zamanı bəzi məkanlarda çəkiliş icazəsinin məhdud olduğunu sonradan öyrənməyimizə baxmayaraq, süni intellektdən operativ məlumat əldə etmək mümkün oldu. Süni intellekt sənədli filmlər üçün fon musiqilərinin tapılmasında, eləcə də tərcümə prosesində də 99.99 faiz yardımcı vasitədir.
O, həmçinin süni intellektdən istifadənin müsahibələr üçün, əsasən də portret müsahibə və reportajların hazırlanmasında əlverişli olduğunu qeyd edib. Lakin elmi məqalələr və analitik yazılara müəllif mövqeyinin, fikir müxtəlifliyinin əsas şərt olduğunu nəzərə alaraq süni intellektlə və müəllif tərəfindən hazırlanan mətnin fərqli olduğunu diqqətə çatdırıb.
Sonda isə gənc jurnalistlərin suallarını cavablandıran Radik İsmayılov süni intellekt tərəfindən yayılan dezinformasiya məsələsinə də aydınlıq gətirib. O bildirib ki, yanlış məlumat halları mümkündür və bu, əsasən lisenziya olmadan istifadə hallarında müşahidə olunur:
“Əlbəttə, düz olmayan məlumatlar ola bilər. Amma texnologiya təkmilləşdikcə bu problemlər də aradan qalxacaq”.
Telekanal direktoru süni intellektin işsizliyə səbəb ola bilməsi ilə bağlı verilən suala da münasibət bildirib: “Bu həmişə olacaq bir problemdir, istər-istəməz ixtisarlar olacaq. Amma nəzərə almaq lazımdır ki, süni intellekti idarə edənlər məhz bizlərik”.
Bununla yanaşı, görüşdə süni intellektin xəbər jurnalistikasında köməkçi alət kimi istifadəsinin mümkünlüyü önə çəkilsə də, faktların dəqiqləşdirilməsinin və redaksiya nəzarətinin vacibliyi nəzərə çatdırılıb.
Həvva Cəbrayılova
