Bu gün:

Azərbaycanın BMT-dəki nümayəndəliyi Xocalı soyqırımı ilə bağlı press-reliz yayıb


Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə ingilis dilində bəyanat yayaraq beynəlxalq birliyə mühüm mesajlar ünvanlayıb. Sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşiliklərin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu, bu aktın bəşəriyyətə qarşı cinayət və soyqırımı kimi pisləndiyi xüsusi vurğulanıb. Nümayəndəlik Azərbaycanın bu ağır cinayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək istiqamətində beynəlxalq öhdəliklərinə sadiq qaldığını bəyan edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, press-relizdə bu ayın əvvəlində Azərbaycan məhkəmələri tərəfindən münaqişə dövründə törədilmiş dəhşətli cinayətlərə görə məsuliyyət daşıyan şəxslər barəsində çıxarılan qərarlar ədalət mühakiməsinin təmini kimi qiymətləndirilib. Bununla belə, bəyanatda bir çox cinayətkarların hələ də digər ölkələrdə sığınacaq taparaq cəzasız qaldığı təəssüflə qeyd olunub. Azərbaycan tərəfi bildirib ki, cəzasızlıqla mübarizə regionda əsl barışıq yolunun vacib tərkib hissəsidir və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün mütləqdir.

Sənədin sonunda Azərbaycanın ədalətin bərpası, regionda davamlı sülh və sabitliyin qurulması istiqamətində səylərini qətiyyətlə davam etdirəcəyi vurğulanıb. BMT platformasında yayılan bu press-reliz Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və cinayətkarların beynəlxalq səviyyədə təqib olunması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi bir daha beynəlxalq təşkilatları və dövlətləri bu məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb.


Səidə Abasova 

Paylaş
Şərh əlavə et