Bu gün:

FHN-də Xocalı soyqırımının 34-cü ildönümü anılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri və bütün struktur bölmələrində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş genişmiqyaslı anım tədbirləri keçirilib. Şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı və "Ana harayı" abidəsinin ziyarət edilməsi ilə başlayan mərasimlərdə faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub. Toplantılarda Dövlət Himni səsləndirilib və mənfur düşmənin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğınların acı nəticələri bir daha xatırlanıb.

24media.az APA-ya istinadən xəbər verir ki, tədbir iştirakçılarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun dəstəyi ilə törətdiyi dəhşətli cinayət barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması nəticəsində 613 günahsız sakin, o cümlədən 63 uşaq və 106 qadın amansızlıqla qətlə yetirilib. Natiqlər vurğulayıblar ki, bu qanlı hadisəyə ilk hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib və məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis müvafiq qərar qəbul edərək dünya birliyini bu faciəyə səssiz qalmamağa çağırıb.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin yaralarının sarıldığı və şəhərin sürətlə bərpa olunduğu xüsusi qeyd edilib. "Xocalıya ədalət" beynəlxalq kampaniyasının bu həqiqətlərin dünyaya çatdırılmasındakı rolu yüksək qiymətləndirilib. Artıq doğma yurduna qayıdan Xocalı sakinlərinin təhlükəsizliyinin və rifahının dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunduğu diqqətə çatdırılıb. Tədbirlərin sonunda faciənin dəhşətlərini əks etdirən sənədli videoçarxlar nümayiş etdirilib.


Səidə Abasova

Paylaş
Şərh əlavə et