Bu gün:

Tbilisidə Xocalı soyqırımının 34-cü ildönümü anılıb


Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Unutmadıq, Unutdurmarıq” adlı anım sərgisi keçirilib. Tədbir Xocalı qurbanlarının xatirəsinə həsr olunub.

24media.az bildirir ki, sərgidə 1992-ci ilin fevral faciəsini əks etdirən arxiv fotoları nümayiş etdirilib və Xocalı ilə bağlı sənədli film göstərilib.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. O vurğulayıb ki, faciənin dünyaya çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı hadisələrinin tarixi və siyasi mahiyyətindən danışıb. Qeyd olunub ki, Qarabağda yaşananlar minlərlə ailəni öz doğma yurdlarından uzaq düşməyə məcbur edib və Xocalı ağrısı illərdir xalqın yaddaşında ədalət çağırışına çevrilib.

Həmin gün Azərbaycanın Batumi Baş Konsulluğunda da anım tədbiri keçirilib. Baş konsul Fuad Əzizov Xocalıdakı vəhşiliklər, beynəlxalq humanitar hüququn pozulması və mülki əhaliyə qarşı törədilən cinayətlər barədə məlumat verib. O həmçinin faciənin şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsini ehtiramla anıb və onun bu ilin yanvarında vəfat etdiyini xatırladıb.

Anım mərasimi zamanı konsulluq binasında Dövlət Bayrağı yarıya qədər endirilib və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan başqa, bölgənin oxunan media qurumlarından TV12.ge-də “Xocalı soyqırımı – 34 il keçir” başlıqlı məqalə də dərc olunub.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et