Bu gün:

Mütəxəssislər ekstremal vəziyyətlərdə ev heyvanlarının davranışını izah ediblər


Mütəxəssislər qeyd edirlər ki, nadir hallarda sahib vəfat etdikdə və ya uzun müddət köməksiz qaldıqda, ev heyvanları instinktiv şəkildə davrana bilərlər. Bu, aqressiya ilə bağlı deyil, yaşamaq mexanizmləri ilə əlaqədardır.

Cornell University-dən baytar Lena DeTarın sözlərinə görə, heyvan uzun müddət qidasız qaldıqda onun yaşamaq instinktləri işə düşür. Əgər ev heyvanı yeməksiz və köməksiz qalarsa, vəziyyəti həyatı üçün təhlükə kimi qəbul edə bilər. Bu, “xəyanət” və ya sahibinə bağlılığın itməsilə bağlı deyil — söhbət orqanizmin təbii bioloji reaksiyalarından gedir.

University College London məhkəmə antropoloqu Kerolayn Randonun fikrincə, belə hallar daha çox insan tək yaşadıqda və uzun müddət ətrafdakılarla əlaqə saxlamadıqda baş verir. Risk qrupuna xüsusilə bir neçə heyvan saxlayan, qohumlar və ya qonşular tərəfindən müntəzəm dəstək almayan yaşlı insanlar daxildir.

Mütəxəssislər vurğulayırlar ki, bu cür hallar son dərəcə nadirdir və yalnız ağır şəraitdə baş verə bilər. Adi həyat şəraitində ev heyvanları sosial yönümlü olur və sahiblərinə bağlı qalırlar. Tövsiyə olunur ki, xüsusilə tək yaşayan insanlar yaxınları ilə müntəzəm əlaqə saxlasın və gözlənilməz vəziyyətlər üçün ev heyvanlarına qulluq planını əvvəlcədən düşünsünlər.

Mənbə: sport.kz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et