Bu gün:

Cənubi Koreyada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb


Cənubi Koreya Hərbi Hava Qüvvələrində həyəcanlı anlar yaşanıb. Ölkənin Şimali Kyonsan əyalətində, Yonqcu şəhəri yaxınlığında planlı təlim uçuşu həyata keçirən F-16C tipli qırıcı təyyarə qəzaya uğrayıb. Təyyarənin dağlıq zonaya düşməsi bədbəxt hadisə zamanı mülki əhali arasında xəsarət alanların olmamasını təmin edib. Hadisə yerində yaranan kiçikmiqyaslı meşə yanğını isə operativ müdaxilə nəticəsində qısa müddətdə söndürülüb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 19:30 radələrində qeydə alınıb. Təyyarənin pilotu qəza anında katapult edərək sağ qalmağı bacarıb. Maraqlıdır ki, xilasedicilər pilotu hadisədən 40 dəqiqə sonra ağacdan asılı vəziyyətdə aşkar ediblər. Təxminən 20 metr hündürlükdə ilişib qalan hərbçi dərhal təxliyə olunaraq xəstəxanaya yerləşdirilib və həkimlər onun səhhətinin stabil olduğunu bildiriblər.

Hadisənin başvermə səbəblərini araşdırmaq məqsədilə Cənubi Koreya Hərbi Hava Qüvvələri tərəfindən xüsusi təhqiqat qrupu yaradılıb. Qrupun əsas vəzifəsi texniki nasazlıq və ya insan amili ehtimallarını araşdıraraq yekun rəy hazırlamaqdır. Hazırda qəza baş verən ərazi nəzarətə götürülüb və təyyarənin qalıqlarının tədqiq edilməsi prosesi davam etdirilir.


Səidə Abasova

Paylaş
Şərh əlavə et