Moda və streetwear (rahatlıq və gündəlik istifadə üçün nəzərdə tutulmuş geyim tərzidir) dünyasında böyük marağa səbəb olan yeni əməkdaşlıq çərçivəsində “Air Jordan 1 High OG” modelinin retro versiyası rəsmi şəkildə təqdim edilib. 
Layihə mərhum dizayner Virgil Ablohun irsini qoruyan Virgil Abloh Archive™ platforması ilə Nike arasında həyata keçirilib.
Yeni buraxılış 2018-ci ildə böyük rezonans yaratmış versiyanın yenilənmiş üslubu kimi təqdim olunur. Dizaynda Abloh imzasına xas dekonstruksiya elementləri, sənaye üslublu yazılar, diqqətçəkən tikiş detallar və minimal, lakin konseptual yanaşma qorunub saxlanılıb.
Ayaqqabı əsasən ağ tonlarda hazırlanıb, detallarda isə kontrast yaradan vizual elementlərə yer verilib. Klassik siluet müasir texnoloji materiallarla gücləndirilib ki, bu da həm rahatlığı, həm də vizual təsiri artırır. Modelin yüksək boğazlı forması və retro basketbol estetikasını əks etdirən görünüşü orijinal versiyanın ruhunu davam etdirir.
Ekspertlər bildirirlər ki, bu buraxılış təkcə “sneaker” həvəskarları üçün deyil, həm də kolleksiyaçılar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki model həm 2018-ci ilin ikon statusunu yada salır, həm də yeni nəsil moda auditoriyasına xitab edir.
Mənbə: hypebeast.com
Tərcümə etdi: Şehrin Musayeva
