Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bir neçə hərbi hissəsində olublar. Şəxsi heyətlə keçirilən görüşdə nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərbi qüdrətinin artırılmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edib. Zakir Həsənov hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması və Hava Döyüş Komandanlığının qarşısında duran vəzifələrin operativ icrası üçün konkret tapşırıqlar verib.
24media.az Report-a istinadən xəbər verir ki, nazirlik rəhbərliyi hərbi hissələrdə şəxsi heyət üçün yaradılmış infrastrukturla, o cümlədən yataqxana, yeməkxana və tibb məntəqələrindəki vəziyyətlə yaxından tanış olub. General-polkovnik Z.Həsənov əsgər və zabitlərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, qidalanma normalarının və sanitariya qaydalarının ciddi nəzarətdə saxlanılması barədə məsul şəxslərə tövsiyələrini çatdırıb. Eyni zamanda, hərbi hissə ərazisində ekoloji tədbirlər çərçivəsində ağaclar əkilib və bölmələrin ərazisində aparılan abadlıq işlərinə baxış keçirilib.
Səfər çərçivəsində nazir hərbi hissədə qonaq olan şəhid ailəsi ilə də görüşərək onların problemləri və qayğıları ilə maraqlanıb. Görüşdə şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğu vurğulanıb və ailə üzvlərinin müraciətlərinin dərhal həlli üçün aidiyyəti üzrə göstərişlər verilib. Şəhid yaxınları dövlət tərəfindən göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbər heyətinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Arzu Qafarova
