Bu gün:

Pişiklər insanlarda xərçəng araşdırmalarına töhfə verə bilərlər


Alimlər təxminən 500 ev pişiyinin şiş DNT-sini analiz edərək insanlardakı xərçəng növləri ilə oxşar genetik mutasiyalar aşkar ediblər. Bu, pişiklərdə xərçəngin indiyədək hazırlanmış ən ətraflı genetik xəritəsini ortaya qoyub

Tapıntılar həm pişiklərdə, həm də insanlarda xərçəngin müalicəsi üçün yeni yanaşmaların inkişafına töhfə verə bilər. Xərçəng pişiklərdə ölüm və xəstəliklərin əsas səbəblərindən biri olsa da, onun necə inkişaf etdiyi barədə indiyə qədər məlumat məhdud olub.

Araşdırmanın baş müəllifi Dr. Louise Van der Vayden bildirib: “Pişiklərdə xərçəng genetikası indiyə qədər sanki bağlı bir qutu idi. Hər hansı bir növdə xərçəngi nə qədər yaxşı anlasaq, bu hamı üçün bir o qədər faydalı olar”.

Araşdırma, həmçinin sarman (narıncı zolaqlı) pişiklərin sirrini ortaya çıxarıb və pişikləri xüsusilə üçlü mənfi döş xərçəngi (triple-negative breast cancer) üzərində tədqiqatlarda mühüm model kimi göstərib.

Kembric şəhərində yerləşən Wellcome Sanger İnstitutunun rəhbərliyi ilə çalışan beynəlxalq komanda, 13 fərqli pişik xərçəngi növü ilə əlaqəli təxminən min geni araşdırıb.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva



Paylaş
Şərh əlavə et