Rumıniyada onlayn formatda keçirilən 10-cu "Info1Cup" beynəlxalq proqramlaşdırma müsabiqəsində Azərbaycan məktəbliləri böyük uğura imza atıblar. 16 ölkədən 189 şagirdin qatıldığı yarışda təmsilçilərimiz yüksək hazırlıq nümayiş etdirərək ölkəmizə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazandırıblar. Bu nəticə gənc proqramçıların qlobal rəqabət mühitindəki yüksək potensialını bir daha təsdiqləyib.
24media.az APA-ya istinadən xəbər verir ki, "Azercell Telekom" MMC-nin dəstəyi ilə müsabiqəyə qatılan Fateh Əhmədzadə qızıl, Ömər Əliməmmədzadə, Elay Verdiyev və Əkbər Əhmədov gümüş, Atilla Mustafa və Mərd Cəfərzadə isə bürünc medala layiq görülüblər. Şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi artıq uzun illərdir ki, tərəfdaş qurumların dəstəyi ilə peşəkar səviyyədə həyata keçirilir.
Qeyd edək ki, 2017-ci ildən bəri Azərbaycan məktəbliləri beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal əldə ediblər. Bu cür uğurlar ölkədə İKT sahəsində istedadlı kadrların yetişdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini göstərir. Qazanılan qələbələr gənc nəslin rəqəmsal texnologiyalara olan marağını daha da artırır.
Arzu Qafarova
