Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə səlahiyyət verib. Belə ki, agentliklə Yunanıstanın “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata keçirilməsinin tənzimlənməsi haqqında” saziş imzalanıb.

24media.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a məlumat verilib. Bildirilib ki, sənədə əsasən, “Libero Hellenic Register” Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək.
İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Amina Paşazadə
