Bu gün:

Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb


Leyla Əliyeva Tiranada Bayram Beqay ilə görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan ilə Albaniya arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.

24media.az xəbər verir ki, Albaniya Prezidenti Baş nazirin iqamətgahında təşkil olunan sərginin iki xalq arasında münasibətlərin inkişafında əhəmiyyətli mərhələ təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür təşəbbüslər qarşılıqlı anlaşma və əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Leyla Əliyeva isə çıxışında Azərbaycan-Albaniya münasibətlərinin artıq formal protokol çərçivəsini aşdığını, əməkdaşlığın daha səmimi və praktik müstəviyə keçdiyini qeyd edib.

Görüşdə nəqliyyat-logistika məsələləri də diqqət mərkəzində olub. Xüsusilə Bakı ilə Tirana arasında birbaşa aviareyslərin açılmasının vacibliyi vurğulanıb. Tərəflər bunun turizm və biznes əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini bildiriblər.

Albaniyada ilin təxminən 300 gününün günəşli keçməsi fonunda ölkədə ilboyu turizm və ekoturizm imkanlarının inkişaf etdirilməsi, həmçinin Albaniya, Monteneqro və Kosovonu əhatə edən ortaq turizm marşrutlarının yaradılması məsələləri də müzakirə olunub. İqtisadi əməkdaşlıq çərçivəsində, xüsusilə turizm sektoruna Azərbaycan investisiyalarına marağın yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycanın Monteneqroda həyata keçirdiyi uğurlu layihələrin oxşar formatda Albaniya sahillərində reallaşdırılması planlaşdırılır və bu təşəbbüslərin daha geniş nəticələr verəcəyi gözlənilir. Bildirilib ki, iki ölkə rəhbərlərinin siyasi iradəsi konkret addımlarla – viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə öz təsdiqini tapıb.

Sonda Albaniya Prezidenti Baş nazirin iqamətgahında nümayiş etdirilən MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət sərgisi ilə tanış olub.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et