Baxımsız heyvanlar üçün “Slavyanskoye” reabilitasiya mərkəzində olan heyvanların təxminən 70%-i əvvəllər evdə saxlanılan pişik və itlərdir. Bu barədə sığınacağın direktoru Yekaterina Ublinskaya baxımsız heyvanların reabilitasiyası və qorunması problemləri ilə məşğul olan dövlət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri ilə keçirilən müşavirə zamanı məlumat verib. Bu barədə vilayət hökumətinin mətbuat xidməti xəbər verir.

Müşavirədə zoohimayə sahəsində ictimai fəaliyyət üçün mümkün əməkdaşlıq imkanları və dövlət dəstəyi alətləri müzakirə olunub. Ublinskaya dəqiqləşdirib ki, maliyyə məsələləri ilə yanaşı, özəl sığınacaqlar üçün ev heyvanlarının çiplənmə yolu ilə məcburi qeydiyyatının hüquqi tənzimlənməsi və hamı üçün açıq qeydiyyat reyestrinin yaradılması məsələləri də son dərəcə aktualdır. Normativ bazanın mövcudluğu sahiblərin ev heyvanlarının saxlanmasına görə məsuliyyətini təmin etməyə və heyvanlara qarşı öhdəliklərin pozulmasına görə cərimələr tətbiq etməyə imkan verəcək.
Bundan əlavə, baxımsız heyvanların saxlanılması və reabilitasiyası sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarına maliyyə yardımının göstərilməsi imkanlarına xüsusi diqqət yetirilib. Xüsusilə, vilayətin bələdiyyə inkişafı və daxili siyasət nazirliyinin nümayəndələri müşavirə iştirakçılarını sığınacaqların infrastrukturunun inkişafı üçün subsidiyalar və qrantlar əldə etmək imkanları barədə məlumatlandırıb, həmçinin lazımi sənədlərin hazırlanmasında və müvafiq layihələrin müşayiətində kömək göstərməyə hazır olduqlarını bildiriblər.
İclasın yekununda tərəflər regionda baxımsız heyvanların saxlanması və qorunması sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün səyləri birləşdirmək və sığınacaqlara birgə səfərlər silsiləsi keçirmək barədə razılığa gəliblər.
Mənbə: newkaliningrad.ru
Tərcümə etdi: Aysel Mehtizadə
