Böyük Britaniyada ekzotik heyvanların xilası ilə məşğul olan mərkəzin rəhbəri insanları sosial media platformaları, xüsusən də TikTok vasitəsilə vəhşi heyvanları ev heyvanı kimi almamağa çağırıb.

Bildirilib ki, insanlar düşünmədən verdikləri bu qərarların nəticəsində həm heyvanları, həm də özlərini təhlükəyə atırlar.
Bu barədə məlumat BBC-nin rəsmi internet səhifəsində yer alıb. "Wildside Exotic Rescue" mərkəzinin rəhbəri Lindsi MakKenna bildirib ki, hər həftə təxminən 25 nəfər sahibləndiyi ekzotik heyvandan qurtulmaq üçün onlara müraciət edir. Hazırda mərkəzdə zebradan tutmuş dağ şirinə (puma) qədər 200-ə yaxın vəhşi heyvana baxılır.
Lindsi MakKennanın sözlərinə görə, insanlar çox vaxt bu heyvanların ehtiyaclarını dərk etmirlər. O, nümunə olaraq bir ailənin 10 yaşlı övladına ad günü hədiyyəsi kimi meymun aldığını, lakin heyvanın uşağın barmaqlarını dişləməsindən sonra ondan imtina etdiklərini qeyd edib. Həmçinin mərkəzə gətirilən bəzi vəhşi heyvanların ev şəraitində saqqız və ya şirniyyatla bəslənildiyi, kiçik qəfəslərdə baxımsızlıqdan əziyyət çəkdiyi vurğulanıb.
Mütəxəssis xəbərdarlıq edir ki, vəhşi heyvanlar böyüdükcə idarəolunmaz hala gəlir və sahibləri onlardan imtina etdikdə bu canlıların təbiətdə və ya sığınacaqlarda sağ qalma şansı çox aşağı olur. Britaniyada 6 apreldən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, primat saxlayan şəxslərin xüsusi lisenziya alması tələb olunacaq, əks halda onları cərimə və ya həbs gözləyir.
Mənbə: BBC.com
Tərcümə etdi: Fatimə Salmanlı
