Rusiya Dövlət Dumasının «Yeni İnsanlar» fraksiyasından olan deputatları heyvanlara elektrik təsiri göstərən cihazların istehsalını, idxalını və satışını Rusiyada qadağan etməyi təklif ediblər. Bu barədə TASS xəbər verib.
Təşəbbüsün müəllifləri, həmçinin Rusiyada belə cihazların satışına görə inzibati məsuliyyətin tətbiq edilməsini təklif ediblər. Onlar bununla bağlı müraciəti Sənaye və Ticarət Nazirliyinə göndəriblər.
Qanuna dəyişikliklərin edilməsi heyvanlara qarşı qəddar rəftar riskini azaldacaq və onların qorunma səviyyəsini yüksəldəcək. Eyni zamanda, bu, zooməhsulların satışını humanizm prinsiplərinə uyğunlaşdırmağa kömək edəcək.
Hazırda heyvanlara qarşı qəddar rəftarla bağlı məsuliyyət yalnız onlara zərər vurulduqdan sonra tətbiq olunur. Bu halda isə ağrı təsiri göstərən cihazların satışı hələ də mümkündür.
RIA Novosti deputatların müraciətinə istinadla yazır ki, beynəlxalq təcrübədə bu problemin həlli ilə bağlı nümunələr mövcuddur. Bəzi ölkələrdə artıq it və pişiklər üçün elektrikli (şok) yaxalıqların istifadəsi qadağan edilib.
Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə
