Cenevrədə keçiriləcək genişmiqyaslı nüvə müzakirələri öncəsi rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında mühüm texniki hazırlıq prosesi baş tutub. Bu görüş tərəflər arasında uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılması və nəzarət mexanizmlərinin bərpası baxımından həlledici xarakter daşıyır.

24media.az APA-ya istinadən xəbər verir ki, AEBA-nın Baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib. Qrossi özünün "X" (keçmiş Twitter) hesabında bu barədə məlumat paylaşaraq, müzakirələrin kifayət qədər dərin və texniki xarakter daşıdığını vurğulayıb.
Qrossi bildirib ki, bu müzakirələr sabah Cenevrədə keçiriləcək daha böyük və mühüm danışıqlara hazırlıq məqsədi daşıyır. Qeyd edək ki, sabahkı görüşdə ABŞ və İrandan olan nümayəndə heyətləri nüvə proqramı ətrafındakı vəziyyəti, o cümlədən sanksiyaların yumşaldılması və beynəlxalq nəzarətin gücləndirilməsi məsələlərini masaya yatıracaqlar. Beynəlxalq müşahidəçilər bu görüşlərin regionda gərginliyin azaldılması üçün bir fürsət olduğunu bildirirlər.
Arzu Qafarova
