“Böyük Qayıdış” proqramı çərçivəsində Xocavənd rayonunun Hadrut və Qırmızı bazar qəsəbələrinə növbəti köç karvanları çatıb. Bu mərhələdə illərdir doğma yurd həsrəti ilə yaşayan daha 30 ailə – ümumilikdə 138 nəfər öz evinə qovuşub. Köçürülən sakinlər respublikanın müxtəlif bölgələrindəki müvəqqəti məskunlaşma yerlərindən (yataqxana, sanatoriya və inzibati binalar) birbaşa abadlaşdırılmış və hər cür infrastrukturla təmin olunmuş yeni mənzillərinə gəliblər.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu köç mərhələsində sakinlər qəsəbələr üzrə aşağıdakı qaydada yerləşdiriliblər:
* Hadrut qəsəbəsi: 10 ailə (47 nəfər);
* Qırmızı bazar qəsəbəsi: 20 ailə (91 nəfər).
Qəsəbələrə çatan ailələri rəsmi şəxslər qarşılayıb və onlara mənzillərinin açarlarını təqdim ediblər. Yeni sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirici təlimatlar verilib.

Müasir şərait və tarixi ədalətin bərpası
Dövlət Proqramına uyğun olaraq, hər iki qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işləri görülüb. Yollar müasir standartlara uyğun çəkilib, elektrik və su təchizatı tam bərpa edilib, sakinlərin məşğulluğu və sosial rifahı üçün lazımi addımlar atılıb. Sakinlər onlara yaradılan bu şəraitə və göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, bu tarixi günün sevincini yaşayan xocavəndlilər torpaqlarımızı azad edən şəhidlərimizin xatirəsini ehtiramla yad edib, qazilərimizə cansağlığı arzulayıblar. Qeyd olunub ki, bu gün başlayan yeni həyat Azərbaycanın Zəfər tarixininn ən parlaq səhifələrindən biridir.
Arzu Qafarova
