Amerikan moda evi "Coach" yeni kolleksiyasında davamlılıq prinsipini əsas prioritet kimi təqdim edib. Brend bu dəfə diqqəti "upcycled"(yenidən işlənmiş və dəyər qazandırılmış) materiallara və ekoloji məsuliyyətli istehsal prosesinə yönəldib.
Kolleksiyada əvvəlki mövsümlərdən qalan parçaların, artıq istehsal olunmuş dəri və tekstil materiallarının yenidən işlənərək müasir dizaynlara çevrildiyi vurğulanır. Dizayner komandası bildirib ki, məqsəd təkcə estetik görünüş deyil, həm də məsuliyyətli istehlak mədəniyyətinin formalaşdırılmasıdır.
Yeni xəttdə klassik siluetlər brendin ikonik Amerika üslubu ilə qorunub saxlanılsa da, material seçimində ətraf mühitə təsirin minimuma endirilməsi əsas xətt kimi götürülüb. Çantalar və aksesuarlar üçün istifadə olunan dərilərin bir qismi təkrar emal prosesindən keçib, bəzi modellərdə isə artıq qalıq materiallardan yaradılmış "patchwork" texnikası tətbiq edilib.
Brend nümayəndələri qeyd ediblər ki, davamlı moda artıq trend deyil, zərurətdir. İstehsal zəncirində karbon izinin azaldılması, tullantıların minimuma endirilməsi və uzunömürlü dizayn fəlsəfəsi gələcək strategiyanın əsas hissəsidir.
Moda sənayesində son illər ekoloji məsuliyyət mövzusu daha da aktuallaşıb. Bir çox beynəlxalq brendlər kimi "Coach"da "slow fashion" konsepsiyasına yaxınlaşaraq daha az, lakin daha keyfiyyətli kolleksiyalar təqdim etməyə üstünlük verir.
Ekspertlərin fikrincə, bu yanaşma həm brend imicini gücləndirir, həm də gənc nəsil alıcıların dəyərlərinə uyğunlaşmağa imkan yaradır. Davamlılıq və estetik balansın qorunması isə kolleksiyanın əsas mesajı kimi təqdim olunur.
Mənbə: theguardian.com
Tərcümə etdi: Şehrin Musayeva
