Stanford Universitetinin alimləri yaşlanma prosesinin hər il eyni sürətlə getmədiyini müəyyən ediblər. Araşdırmaya görə insan orqanizmində 44 və 60 yaşlarında böyük bioloji dəyişikliklər baş verir. Bu kəşf yaşlanmanın mərhələli və sıçrayışlarla irəlilədiyini göstərib.
Tədqiqat zamanı 25–75 yaş arası 108 könüllüdən alınan minlərlə bioloji nümunə analiz edilib və molekulların 81%-nin bu yaş dövrlərində kəskin dəyişdiyi aşkarlanıb. 44 yaş dövründə əsasən yağ, alkoqol və kofein metabolizmi, həmçinin ürək-damar sistemi və dəri-kas quruluşunda dəyişikliklər müşahidə olunub. 60 yaş dövründə isə immun sistemi, böyrək funksiyaları və karbohidrat mübadiləsində dəyişikliklər ön plana çıxıb. Alimlər bu dəyişikliklərin təkcə hormonal deyil, daha dərin bioloji mexanizmlərlə bağlı olduğunu bildiriblər. Bu kəşf Alzheimer və ürək xəstəliklərinin niyə müəyyən yaşlardan sonra artdığını daha yaxşı anlamağa kömək edə bilər. Mütəxəssislər 40 və 60 yaşlara yaxın dövrdə sağlam qidalanma və müntəzəm fiziki aktivliyin xüsusilə vacib olduğunu vurğulayıblar.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
