Braziliyanın ən çox əhalisi olan ştatı San-Paulu hökuməti ev heyvanlarının sahibləri ilə yanaşı qəbiristanlıqlarda, həmçinin ailə məzar sahələrində dəfn olunmasına icazə verən yeni qanun qəbul edib. Bu barədə Kazinform agentliyi xəbər verib.
Qanun sanitar normalara əməl olunmasını tələb edir və bu qaydaları yerli dəfn xidmətləri müəyyənləşdirir.
Yeni qanun qeyri-rəsmi olaraq “Bob-qəbirqazan” adlandırılıb - San-Pauluda təxminən 10 il sahibəsinin məzarı üstündə yaşayan it Bobun şərəfinə. “Bob Coveiro” (portuqal dilindən tərcümədə “qəbirqazan” deməkdir) ləqəbli Bob, mərhum sahibəsinin qohumlarının onu dəfələrlə aparmaq cəhdlərinə baxmayaraq, yenə də sahibəsinin məzarına qayıdıb. Nəticədə qəbiristanlıq işçiləri Bob üçün bir yuva düzəldiblər və 2021-ci ildə iti maşın vurub öldürdükdən sonra onu sahibəsi ilə birlikdə dəfn ediblər.
Pet Brasil İnstitutunun məlumatına görə, Braziliya 160 milyon ev heyvanı ilə dünyada ev heyvanlarının sayına görə üçüncü yerdədir.
Mənbə: inform.kz
Tərcümə etdi: Aysel Mehtizadə
